bg

Gələcəyin mədənçisi layihəsi

 “AzerGold” QSC üçün vacib və strateji əhəmiyyətə malik ixtisaslara yerli sakinlərdən ibarət gəncləri cəlb etmək, onların ali təhsilə və elmi araşdırmalara marağını artırmaq, eləcə də gələcəkdə istedadlı şagirdlərin bilik və bacarıqlarını real iş mühitində üzə çıxarmaq və onların sosial müdafiəsinə dəstək göstərmək məqsədilə “Gələcəyin Mədənçisi” layihəsinə start verilmişdir.


Layihə çərçivəsində istedadlı və təşəbbüskar şagirdlərə “AzerGold” QSC-nin hasilat sahələrində istehsalat təcrübəsi keçmək, nəzəri biliklərini real təcrübə ilə birləşdirmək imkanı yaradılır. Eyni zamanda, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul qazanan və təhsilini uğurla başa vuran məzunların gələcəkdə Cəmiyyətin vakansiyalarına cəlb olunması da layihənin əsas hədəflərindəndir.


Bu məqsədlə 2023-cü ildən etibarən Daşkəsən rayonunda təhsil alan şagirdlər arasında “Gələcəyin Mədənçisi” layihəsinin icrasına başlanılmışdır. Layihənin əsas məqsədi “AzerGold” QSC-nin hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi bu regionda, yaxın ərazilərdə yaşayan 10-cu sinif şagirdlərini dağ-mədən sahəsi üzrə ali təhsil müəssisələrinə hazırlıq kurslarına cəlb etməklə onların bakalavriat səviyyəsinə qəbuluna dəstək göstərməkdir.


Bu təşəbbüs vasitəsilə Cəmiyyət peşəkar kadr ehtiyacını hasilat bölgələrində yaşayan yerli sakinlər hesabına qarşılamağı, bölgədə məşğulluğun artırılmasını və gənclərin savadlı mütəxəssislər kimi yetişməsinə töhfə verməyi hədəfləyir.


left
left