bg

İşə qəbul prosesi

İşə qəbul prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

  1. İşə qəbul prosesində ilkin seçim
  2. İşə qəbul prosesinin imtahan mərhələsi
  3. İşə qəbul prosesinin müsahibə mərhələsi
  4. Kadr ehtiyatı bazası

1. İşə qəbul prosesində ilkin seçim

  • Namizədlər elan edilmiş vakansiyalar haqqında daha ətraflı məlumat əldə etmək üçün vakansiyanın təsviri formasına daxil olurlar.
  • Namizədlər vakansiya elanında qeyd edilmiş son müraciət tarixinədək elektron qaydada müraciət etməlidirlər.
  • Namizədin müraciəti daxil olduqdan sonra müraciətdə qeyd edilmiş məlumatların elan olunmuş vakansiyanın tələblərinə uyğun olub-olmaması İnsan resurslarının idarəolunması şöbəsi tərəfindən yoxlanılır.
  • Vakansiya üzrə daxil olmuş müraciətlərin təhlili tam yekunlaşdırıldıqdan sonra yalnız təqdim etdikləri məlumatlar vakansiyanın tələblərinə uyğun olan namizədlər növbəti mərhələyə dəvət olunurlar.

2. İşə qəbul prosesinin imtahan mərhələsi

Fəhlə kateqoriyalı vəzifələr (ixtisaslı və ixtisassız fəhlələr)

  • İxtisaslı fəhlə kateqoriyalı vakansiyalara müraciət etmiş namizədlər ilkin olaraq sadə məntiqi təfəkkür üzrə 5 sual, dünyagörüşü üzrə 5 sual və funksional sahə üzrə 10 sual olmaqla, ümumilikdə 20 sualdan ibarət test imtahanına cəlb olunurlar. İmtahan üçün 30 dəqiqə vaxt müəyyən edilir. İmtahanda uğur qazanmaq üçün namizəd ən azı 12 bal (sadə məntiqi təfəkkür üzrə 3 bal, dünyagörüşü üzrə 3 bal və funksional sahə üzrə 6 bal) toplamalıdır.
  • İxtisassız fəhlə kateqoriyalı vəzifələr üzrə namizədlər ilkin olaraq sadə məntiqi təfəkkür üzrə 5 sual və dünyagörüşü üzrə 5 sual olmaqla, ümumilikdə 10 sualdan ibarət test imtahanına cəlb olunurlar. İmtahan üçün 20 dəqiqə vaxt müəyyən edilir. İmtahanda uğur qazanmaq üçün namizəd ən azı 6 bal toplamalıdır.
  • Bundan əlavə, vakansiyanın tələblərinə uyğun olaraq, fəhlə kateqoriyalı vakansiyalar üzrə namizədlər peşə sınaq imtahanına cəlb oluna bilərlər.
Mütəxəssis və texniki icraçı kateqoriyalı vəzifələr

Mütəxəssis və texniki icraçı kateqoriyalı vəzifələr üzrə vakansiyalar olduqda namizədlərin ilkin qiymətləndirilməsinin aparılması məqsədilə test imtahanı keçirilir.

İmtahanlar açıq sual və test formasında keçirilir. Vakansiyanın tələblərinə uyğun olaraq, namizədlərə iddia etdikləri vəzifə üzrə biliklərinin müəyyən edilməsi məqsədilə ən azı 15 sual təqdim olunur. İmtahanda uğur qazanmaq üçün namizəd ən azı 10 bal toplamalıdır.

Əlavə olaraq, müvafiq namizədlərin davranış bacarıqlarının və Cəmiyyətin korporativ dəyərlərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə şəxsiyyət qiymətləndirmələri və ya psixometrik testlər keçirilə bilər.

Rəhbər kateqoriyalı vəzifələr

Rəhbər kateqoriyalı vəzifələr üzrə tələblərə uyğun namizədlər birbaşa müsahibəyə dəvət edilirlər.

Namizədin imtahan nəticələrinin qiymətləndirilməsi

İmtahanlarda namizədlərin cavabları bal sistemi tətbiq edilməklə qiymətləndirilir. İmtahan tapşırıqlarında hər bir düzgün cavab 1 bal, yanlış cavab və ya cavablandırılmamış sual isə 0 bal ilə qiymətləndirilir.

İmtahan üzrə keçid balını toplamış namizədlər arasından ilkin olaraq ən yüksək nəticə göstərmiş 5 namizəd növbəti mərhələyə dəvət olunur.

Ən yüksək nəticə göstərmiş 5 namizədin növbəti mərhələ üzrə nəticələri qənaətbəxş olmadıqda, analoji qaydaya uyğun olaraq, minimum keçid balını toplamış növbəti namizədlər qiymətləndirilir.

3. İşə qəbul prosesinin müsahibə mərhələsi

  • Test imtahanının nəticələrinə əsasən uğur qazanmış namizədlərlə əlaqə saxlanılaraq müsahibənin keçirilmə vaxtı barədə məlumat verilir.
  • Müsahibəyə dəvət olunan namizədlər İnsan resurslarının idarəolunması şöbəsinin əməkdaşı, aidiyyəti struktur bölmənin rəhbəri və ya struktur bölmənin səlahiyyətli əməkdaşı tərəfindən müsahibə olunurlar.
  • Müsahibə zamanı namizədin peşəkarlıq və fərdi keyfiyyət göstəriciləri qiymətləndirilir.
  • Müsahibədən uğurla keçmək üçün namizədə həm peşəkarlıq göstəriciləri, həm də səriştəlilik üzrə verilmiş balların ədədi ortası 3 bal olmalıdır. Müsahibəni müvəffəqiyyətlə keçmiş namizədlərin müəyyən edilməsi məqsədilə səriştəliliyin qiymətləndirilməsi və  peşəkarlıq göstəricilərinin təyin edilməsi üzrə orta ballar hesablanır. Müsahibənin yekununda namizədlər topladıqları ballara uyğun olaraq yüksək baldan aşağı bala doğru sıralanırlar.
  • Müsahibədə bərabər nəticə əldə etmiş namizədlər arasında ilkin olaraq elmi dərəcəsi olanlara, daha sonra müvafiq vakansiyanın tələblərinə uyğun daha çox iş təcrübəsinə və vəzifə təlimatında qeyd olunan üstünlük göstəricilərinə malik olanlara, şəhid ailəsinin üzvlərinə, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə, qaçqın statusu olan şəxslərə və müharibə iştirakçılarına üstünlük verilir.
  • Namizədin eyniadlı vakansiyaya yenidən müraciət etmək hüququ yalnız sonuncu uğursuz müsahibə (orta balı 3-dən aşağı olan) və ya imtahan tarixindən 3 ay keçdikdən sonra yaranır.

4. Kadr ehtiyatı bazası

İşə qəbul prosesinin nəticələri üzrə keçid balını toplamış, lakin komplektləşdiriləcək vakansiyaların sayı keçid balını toplamış namizədlərin sayından az olduğu üçün barələrində təyinat aparılmayan namizədlər kadr ehtiyatı bazasına daxil edilir və bu barədə elektron qaydada məlumatlandırılırlar.

Müsahibədən sonra aparılmış qiymətləndirmədə daha az bal toplamış, lakin müvafiq keçid balını toplamaqla müsbət rəy almış namizədlərin şəxsi məlumatları Cəmiyyətin müvafiq bazasına əlavə olunur.

Cəmiyyət üzrə vakansiyanın elan olunduğu tarixdən etibarən 6 ay müddətində eyniadlı vakansiya yarandığı təqdirdə, həmin namizədlərə imtahan və müsahibə mərhələlərinə yenidən dəvət olunmadan, sifarişçi struktur bölmə ilə razılaşdırılmaqla iş təklif oluna bilər.