“AzerGold” QSC gənc mütəxəssislərin hazırlanmasına önəm verərək, əməkdaşlıq etdiyi ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrini fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə istehsalat təcrübəsinə cəlb edir. Proqramın əsas məqsədi tələbələrə real iş mühitində praktiki bacarıqlar qazandırmaq, nəzəri biliklərini tətbiq etməyə şərait yaratmaq və onların peşəkar inkişafına dəstək olmaqla yanaşı, gələcəkdə Cəmiyyətin ehtiyaclarına uyğun kadr potensialının formalaşdırılmasını təmin etməkdir.
Təcrübə müddətində tələbələr iş mühitinə adaptasiya, komanda işi, peşəkar ünsiyyət və məsuliyyətli yanaşma kimi vacib bacarıqları inkişaf etdirmək imkanı əldə edirlər. Hər bir iştirakçıya təcrübə boyu mentor təyin olunur və onların fəaliyyəti davamlı olaraq izlənilir.
Hazırda Cəmiyyətdə təcrübə proqramları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 489 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası” əsasında tənzimlənir.